TOZLU TUFANLAR

Torpaq səthindən toz qaldıraraq onu uzaq məsafədə sovurub aparan güclü (20 m/s) küləklər. Əsasən səhra, yarımsəhra və çöl zonasının kənd təsərrüfatı rayonlarında tez-tez baş verir. Kənd təsərrüfatına böyük ziyan vurur. Mübarizə tədbiri tarlaqoruyucu meşə zolaqlarının salınması hesab olunur. K/t üçün ən təhlükəli meteoroloji hadisələrdən biri sayılır. Bu hadisə həm təbii, həm də antropogen faktorların təsirilə baş verir. Tozlu tufanlar kompleks aqrometeoroloji faktorlar nəticəsində baş verir. Onlara güclü küləklər (10-20 m/s), torpaq səthinin quru və tozlu-qumlu olması, tarlada bitki örtüyünün zəif inkişaf etməsi, geniş açıq sahələrin mövcudluğu aiddir. Tozlu tufanlar adətən havanın nisbi rütubətliyi 50%-dən aşağı olduqda baş verir. Göstərilən kompleks faktorlar çöl, yarımsəhra və səhra zonalarında baş verir. Azərbaycanda tozlu tufanlar külək eroziyası şəklində əsasən, Abşeron yarımadasında müşahidə edilir.
TORPAQ TERMOMETRLƏRİ
TRANSQRESSİYA
OBASTAN VİKİ
Tozlu tufanlar
Tozlu tufanlar-burulğanlı fırtınalar arasında çox vaxt tozlu fırtınalar (tufanlar) ayrılır. Belə fırtınalar eni 500 m-ə çatan və adi sürəti saatda 60 km-ə qədər olan geniş hava kütlələridir. Belə axınlar, adətən, quraqlıq vilayətlərdən yarımquru və rütubətli vilayətlərə toz və xırda qırıntı materialı gətirir. Bir neçə on santimetr hündürlükdə havada çınqıl və iri qum 2 metrə qədər hündürlükdə xırda qum uçur, daha çox yüksəkliklərdə isə (1,5 km-ə qədər) xırda toz hissəciklərinin tutqun buludu əmələ gəlir. Aparılan hissəciklərin tərkibindən asılı olaraq qara fırtınalar (Rusiyanın Avropa hissəsinin cənubu üçün səciyyəvidir, burada qara torpaqlar sovrulur); sarı fırtınalar - Orta Asiya üçün xarakterik olub san-qum qumluca və gillicə sovrulur; qırmızı fırtına (dəmir oksidinə boyanmış gillicə); ağ fırtına - geniş şoranlıq ərazilərdə baş verir (duz hissəcikləri sovrulur). Ağ fırtınalar qurumaqda olan Aral gölü yerləşən sahələrdə müşahidə olunub, göldən uzaq ərazilərdə də torpağın şorlaşmasına səbəb olur. Tozlu tufanların müddəti bir neçə saatdan 7 ... 70 sutkaya kimi davam edir. Küləyin sürəti, adətən, saniyədə 40 metri keçmir. Tozlu tufanlar praktiki olaraq insan həyatı üçün bilavasitə təhlükəli olmasa da, böyük maddi ziyan yetirir.